Tatar dili dərsinə görə direktoru hansı cəza gözləyir

Pavel Shmakov

Rusiyanın Tatarıstan regionunda özəl məktəb direktoru ya işindən uzaqlaşdırılacaq, ya da ağır cərimə ödəməli olacaq. Səbəb onun məcburi tatar dili dərslərini ləğv etməkdən imtinasıdır.

Dekabrın 7-də Kazanda məhkəmə Pavel Shmakov-un yerli müstəntiqlərə qarşı iddiasını təmin etməyib. Müstəntiqlər onun məktəbinin kurrikulumunu yoxlamadan məcburi tatar dili dərslərinin ləğvini tələb ediblər.

Hakim prosesdə elan edib ki, Shmakov prokurorların göstərişlərinə əməl etməyib. Təqsirli bilinsə, məktəb 90 günlüyə bağlana, direktor cərimə oluna, yaxud altı aylığa peşəsindən uzaqlaşdırıla bilər.

Rusiya Baş Prokurorluğu bir neçə aydır Tatarıstanda tatar dili dərslərinin məcburi öyrədilməsi məsələsini araşdırır. Shmakov isə bu tədbirlərlə mübarizə aparır. O, məktəbində məcburi tatar dili dərslərini ləğv etməyəcəyini bildirib.

Hər şey Rusiya prezidenti Vladimir Putin-in iyulda verdiyi bəyanatdan sonra başladı. Prezident demişdi ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib.

Bu bəyanatdan sonra “etnik” regionlarda rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisini ləğvini tələb ediblər.

Tatarıstanda, qonşu Başqırdıstan və Çuvaşiyada etiraz aksiyaları keçirilib. Bu regionlarda yerli dillər rus diliylə yanaşı dövlət statusuna malikdir.