Problemli kreditlər arta-arta gedir

Sizin brauzer HTML5-i dəstəkləmir

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)

Azərbaycanda problemli kreditlərin həcmində son bir ayda artım müşahidə olunub. Vaxtı keçmiş kreditlər noyabrın 1-də 1 milyard 889.6 milyon manata çatıb.

Bu haqda Azərbaycan Mərkəzi Bankının yeni, dekabrın 8-də açıqlanmış statistik bilgilərində yazılır.

Oktyabrın 1-nə olan göstəricilərlə müqayisədə problemli kreditlər 32.5 mln. manat çoxalıb. Bu, 2 faizə qədərdir.

Problemli kreditlərin artımı yanvar ayının göstəriciləri ilə müqayisədə yüksək olub - 417 milyon manat. Belə kreditlərin son bir ildəki artımı isə daha yüksəkdir - 514 milyon manat.

Problemli kreditlərin ümumi kredit portfelindəki payı hazırda 15 faizdən çoxdur.Bu göstərici ötən ilin sonunda 9 faiz civarında idi.

Xatırlatma

Müstəqil ekspertlərə görə, Azərbaycanda problemli kreditlər üzrə borcların həcmi qırmızı xətti keçib. Onlar hesab edir ki, təxirəsalınmaz tədbirlər görülməzsə, vaxtı keçmiş kredit problemi daha da ağırlaşacaq.

«Bununla nəinki maliyyə bazarı sıradan çıxa, həm də milli iqtisadiyyat daha çətin duruma düşə bilər», - deyə ekspertlər vurğulayıblar.

Mütəxəssislərə görə, kredit borcu problemi ölkədə hər üç nəfərdən birini narahat edir.

Əlaqəli rəsmi qurumlar isə problemli kredit məsələsinin o qədər də ciddi olmadığı qənaətindədir. Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı demişdi ki, bank sektorunda çətinliklər artıq səngiməkdədir.