Hər 3 internet istifadəçisindən biri uşaqdır

©Shutterstock

Dünyada hər 3 internet istifadəçisindən biri uşaqdır. Ancaq uşaqları rəqəmsal dünyanın təhlükələrindən qorumaqdan, onların təhlükəsiz onlayan kontentə çıxışını artırmaqdan ötrü çox az iş görülür. BMT-nin uşaq təşkilatı olan UNICEF-in dekabrın 11-də açıqladığı hesabatda belə deyilir.

“Dünyada Uşaqların Durumu 2017: Uşaqlar Rəqəmsal Dünyada” adlı sənəddə UNICEF ilk dəfə olaraq rəqəmsal texnologiyanın uşaqların həyatlarına, yaşam şanslarına təsirini, bu dünyanın açdığı imkanlarla bərabər onun təhlükələrini də araşdırır. Qurum bildirir ki, hökumətlər və özəl sektor dəyişikliklərin sürətiylə ayaqlaşa bilməyiblər, uşaqlar yeni risklərə və ziyana məruz qalıblar, milyonlarla imkansız uşaqsa texnologiyadan geridə qalıblar.

İNTERNETİN UŞAQLARA FAYDASI VƏ RİSKLƏRİ

Hesabatda rəqəmsal texnologiyanın imkansız ailələrdən olan, yoxsulluq içində yaşayan və humanitar fəlakətlərin təsirinə məruz qalan uşaqlara verə biləcəyi fayda araşdırılır.

Hesabat eyni zamanda milyonlarla uşağın rəqəmsal dünyadan kənarda qaldığını da göstərir. Dünya gənclərinin üçdə biri – 346 milyonu onlayn deyil. Bu fakt bərabərsizliyi ortaya çıxarır, uşaqların getdikcə artan rəqəmsal iqtisadiyyatda iştirakını azaldır.

Hesabatda internetin uşaqları risklər, ziyanlar qarşısında zəiflətməsindən də söz açılır. Bu risklərə özəl informasiyadan sui-istifadə, ziyanlı kontentə çıxış, kiberqorxudulma da daxildir. Sənədə görə, mobil qurğuların hər yerdə mövcudluğu uşaqlara nəzarəti azaldır, onları potensial olaraq daha çox təhlükəyə atır.

*** Buna da bax: Hər il uşaqların 75%-i zorakılığa məruz qalır – araşdırma

“Dark Web” kimi rəqəmsal şəbəkələr və kriptovalyutalar isə istismar və sui-istifadənin ən pis formalarına – insan alveri və uşaqların onlayn cinsi istismarına yol açır.

Hesabatda uşaqların internetdən istifadəsinin artması, rəqəmsal texnologiyanın uşaqların rifahına təsirinə dair data və təhlilə yer verilir, rəqəmsal “asılılıq”la bağlı müzakirələr öyrənilir.

AFRİKA VƏ AVROPANIN FƏRQİ

Hesabatda həmçinin bildirilir ki:

  • Dünyada internetə ən çox bağlı yaş qrupu gənclərdir. Bütün dünyada gənclərin 71 faizinin, cəmi əhalinin isə 48 faizinin internetə çıxışı var.
  • İnternetə çıxışı ən zəif olan Afrikanın gəncləridir, hər 5 gəncdən 3-nün onlayn çıxışı yoxdur. Avropada bu rəqəm hər 25 gəncə 1 nəfərdir.
  • Bütün vebsaytların 56 faizə yaxını ingiliscədir və uşaqların çoxu anladığı, yaxud mədəniyyət baxımdan ona yaxın kontenti tapa bilmir.
  • Uşaqlardan cinsi sui-istifadəni hədəfləyən hər 10 URL-dan 9-dan çoxu beş ölkədə yerləşir – Kanada, Rusiya, Niderland, Rusiya və Birləşmiş Ştatlarda.

*** Buna da bax: 15 milyon qız cinsi əlaqəyə məcbur edilib

UNICEF bildirir ki, yalnız hökumətlərin, özəl sektorun, uşaq təşkilatlarının, akademiyaların, ailələrin və uşaqların birgə tədbirləri rəqəmsal dünyaya çıxışı bərabərləşdirə, interneti daha təhlükəsiz və uşaqlara daha çatımlı edə bilər.