Netanyahu-dan Avropaya Qüds çağırışı

Benjamin Netanyahu AB xarici işlər nazirlərinin görüşündə

İsrailin baş naziri Benjamin Netanyahu deyir ki, Avropa ölkələrinin Birləşmiş Ştatların ardınca gedərək Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyacaqlarını gözləyir.

Dekabrın 11-də Brüsseldə AB xarici işlər nazirləriylə görüşdən öncə Netanyahu deyib ki, ABŞ-ın addımı Yaxın Şərqdə “sülhü mümkün edir”.

Daha öncə AB-nin xarici siyasət rəhbəri Federica Mogherini blokun Qüdslə bağlı “beynəlxalq konsensus”u tanıyacağını bildirmişdi.

“İnanırıq ki, İsrail və Fələstin arasında münaqişənin yeganə real həlli Qüdsün hər iki ölkənin paytaxtı olmasındadır”, – Mogherini deyib.

Ötən həftə ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib. ABŞ-ın on illərdir apardığı xarici siyasətə zidd sayılan bu qərar regionda gərginlik yaradıb, İsrail ordusuyla fələstinlilər arasında toqquşmalar baş verib.