İcbari tibbi sığorta hesabatı açıqlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Tibbi sığortaya xəstəxanalarda rüşvət iddialarını kəsə bilərmi?

«2017-ci ilin yanvar-sentyabr aylarında Mingəçevir və Yevlax mərkəzi xəstəxanaları 148 mindən çox pasiyentə 501.5 min ambulator xidmət göstərib. 13.5 min xəstəyə isə 39.3 min stasionar tibbi xidmət edilib».

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabatında yazılır.

Bundan əlavə, həmin xəstəxanalarda 15 mindən çox adama təcili və təxirəsalınmaz tibbi yardım göstərildiyi bildirilir.

Açıqlamaya görə, Mingəçevir Mərkəzi Xəstəxanasında xidmət 6 mln. 59.3 min, Yevlax Mərkəzi Xəstəxanasında 1 mln. 779.8 min manata başa gəlib.

Hesabatda qeyd olunur ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən icrası mümkün deyil. Bu səbəbdən sözügedən xidmətləri agentliklə müqavilə bağlamış 4 tibb müəssisə göstərib. Həmin tibb müəssisələrinə 1 mln. 651.5 min manat ödənildiyi bildirilir.

İcbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan və sığortasız şəxslərə göstərilən xidmətlərdən xəstəxanalara daxil olan vəsait 801.5 min manat təşkil edib.

Mingəçevir Mərkəzi Xəstəxanasında həkim heyətinin orta aylıq əməkhaqqı 920 manat, Yevlax Mərkəzi Xəstəxanasında 680 manat olub. Maaşlar orta tibb işçilərindən ötrü 330- 310 manat, hər iki ərazi üzrə kiçik tibb işçiləri üzrə 220 manat təşkil edib.

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, ötən il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Bu ildən Azərbaycanda icbari tibbi sığorta sistemi pilot şəhərlərdə (Mingəçevir və Yevlax) tətbiq edilməyə başlayıb. Gələn ilin büdcə layihəsinin müzakirələrində hökumət təmsilçiləri deyiblər ki, bu məsələnin yalnız 2019-cu ildə tam reallaşacağına ümid edirlər.

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş və əhəmiyyətli şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı.