Nyu Yorkda yeraltı keçiddə Banqladeşdən olan mühacirin törətdiyi bomba hücumu Konqresin ABŞ immiqrasiya sistemində islahatlara aparmasının “vacibliyini” göstərdi. Bunu ABŞ prezidenti Donald Trump dekabrın 11-də deyib.
Dekabrın 11-də keçiddə əldəqayırma bombanın partlaması nəticəsində üç nəfər xəsarət alıb. Şübhəli, 27 yaşlı Akayed Ullah ağır yanıq və yaralarla xəstəxanaya yerləşdirilib.
Nyu York polisi Ullah-ın kriminal tarixçəsi olmadığını, onun 2011-ci ildə Birləşmiş Ştatlara gələndən sonra İslam Dövləti (İŞİD) ekstremist qruplaşması tərəfindən radikallaşdırılması ehtimalının olduğunu bildirib.
“Amerika zəif immiqrasiya sistemini möhkəmləndirməlidir. Bu sistem bir çox təhlükəli, yetərincə yoxlanmamış adamların ölkəmizə daxil olmasına imkan verir”, – Trump deyib.
Trump-ın sözlərinə görə, Ullah ABŞ vətəndaşlarının uzaq ailə üzvlərinin daimi ABŞ vətəndaşlığı almasına imkan verən hüquqi proseslə ölkəyə girib.
Prezident deyir, “zəncir miqrasiyası milli təhlükəsizliyə uyğun deyil” və dayandırılmalıdır.
Özbəkistandan mühacir Sayfullo Saipov oktyabrın 31-də Nyu Yorkda səkkiz nəfəri öldürməkdə ittiham olunandan sonra Trump immiqrasiyada məhdudlaşdırmalara çağırmışdı.