Putin-in Suriyadan hərbçiləri çıxaracağına inanmırlar

Vladimir Putin Hmeimim bazasında çıxış edərkən

ABŞ rəsmiləri Rusiya prezidenti Vladimir Putin-in Suriyadakı rusiyalı hərbçiləri qismən çıxarmaqla bağlı açıqlamasına skeptik yanaşırlar. Onların fikrincə, Putin-in İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərində qələbəni elan etməsi də vaxtından əvvəl atılmış addım kimi görünür.

Putin dekabrın 11-də Suriyadakı Hmeymim hava bazasına qəfil səfər edib və hərbçilərin bu ölkədən çıxarılacağını açıqlayıb. Onun sözlərinə görə, Rusiya və Suriya qüvvələri “ən döyüşkən beynəlxalq terrorçu qrupu məhv ediblər”.

*** Buna da bax: Putin Suriyada Fərat boyunca İŞİD-in “tam məğlubiyyətini” elan edib

VAXTINDAN QABAQ ATILMIŞ ADDIM

Dekabrın 12-də ABŞ rəsmiləri bu iddiayla bağlı arqumentlərini dilə gətiriblər.

“Düşünürük ki, Rusiyanın İŞİD-in məğlubiyyətini açıqlaması vaxtından qabaq atılmış addımdır”, – Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.

“Yaxın tarixdə dəfələrlə görmüşük ki, qələbənin vaxtından əvvəl elanından sonra hərbi qazancları möhkəmləndirmək, durumu sabitləşdirmək, terrorçuların yenidən baş qaldırmaması üçün şərait yaratmaq alınmır”, – sözçü vurğulayıb.

İŞİD-lə Rusiya və Suriya qüvvələrindən ayrı mübarizə aparan ABŞ koalisiyası isə Rusiyanın bu ölkədə hərbçi sayını azaltmaqla bağlı açıqlamalarına skeptik yanaşıb.

*** Buna da bax: Suriya müharibəsinin gələn il bitəcəyini gözləyən azdır

Pentaqonun sözçüsü, mayor Adrian Rankine-Galloway dekabrın 12-də deyib ki, Birləşmiş Ştatlar Putin-in elanından sonra qüvvələrin çıxarılmasında elə bir ciddi irəliləyiş görmür. Onun sözlərinə görə, “Rusiyanın Suriyadan planlaşdırılan geri çəkilməklə bağlı daha öncə verdiyi açıqlamalardan sonra da hərbçi sayında mənalı azalma qeydə alınmayıb”.

“SİMVOLİK” ADDIM

“Rusiyanın qüvvələrini geri çəkməsi barədə dedikləri çox vaxt əsgər sayının faktiki azalmasıyla uyğun gəlmir”, – Rankine-Galloway söyləyib. Onun sözlərincə, Rusiyanın planları “ABŞ-ın Suriyadakı prioritetlərinə təsir göstərmir”.

Birləşmiş Ştatlardan bir rəsmi “Frans Pres” agentliyinə deyib ki, Vaşinqton Putin-in “simvolik olaraq” Suriyadan bir neçə təyyarə çıxaracağını və bundan sonra ABŞ-a Suriyadan qüvvələri çıxarmaq tələbi irəli sürəcəyini gözləyir.

Pentaqon bu yaxınlarda bildirib ki, Suriyada 2 minədək əsgəri var. Ötən həftə bildirildiyinə görə, İŞİD yaraqlılarının qayıtmayacağından əmin olanadək bu əsgərlər Suriyada qalacaq.

*** Buna da bax: Rusiya Assad-ın yenidən prezident seçilməməsinə səbəb görmür

Rusiya isə bəyan edir ki, tezliklə Suriyada xarici qüvvəyə ehtiyac olmaya bilər. Münaqişəni Suriya prezidenti Bashar al-Assad-ın xeyrinə dəyişəndən sonra Putin sülh sazişinə vasitəçilik istəyini açıqlayıb.

Trump administrasiyasının yüksəkçinli rəsmisi “Reuters”ə deyib ki, Pentaqon Assad-ın öz ölkəsində “qalib sülhü” yaratmağa çalışdığına inanır, amma onun cəhdləri alınmayacaq.