Rusiya miqrant hüquqları fəalını deportasiya edir

Karomat Sharipov (solda)

Tacik miqrantların hüquqlarını müdafiə edən, Tacikistan vətəndaşı olmadığını deyən tanınmış fəal Rusiyadan Tacikistana deportasiya olunub.

Karomat Sharipov-un vəkili Aleksandra Medvedeva dekabrın 13-də AzadlıqRadiosu-na deyib ki, müştərisi ötən gecə Moskvadan Tacikistanın cənubundakı Kulob şəhərinə deportasiya olunub. Ondan cəmi bir neçə saat öncə apelyasiya məhkəməsi deportasiya haqda aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Kulob aeroportundakı adı açıqlanmayan mənbələr radioya deyiblər ki, Sharipov-un adı Moskvadan gələn reysin sərnişinləri arasındadır.

Onun özüylə əlaqə saxlamaq mümkün olmayıb.

Miqrantlar Federasiyasının rəhbəri olan Sharipov 1993-cü ildə Rusiya vətəndaşlığını qanuni yolla aldığını söyləyir. O, 1991-ci ildə Sovet İttifaqı dağılandan Tacikistan vətəndaşı olmadığını deyir.

Sharipov-un bildirməsinə görə, sentyabrın sonunda Moskvada bir ticarət mərkəzində tacik miqrant fəhlələrlə təhlükəsizlik işçilərinin dartışmasından sonra FSB onun pasportunu müsadirə edib.

O zaman əsasən tacik miqrant fəhlələrdən ibarət 250 nəfər saxlanmışdı, Sharipov bu həbslərin qanunsuz olduğunu deyirdi.

Rusiyada Orta Asiya və Qafqazdan yüz minlərlə işçi miqrant yaşayır və işləyir.