REAL-ın qurultayı dekabrın 17-də olacaq

REAL Hərəkatı 2009-cu ildə yaradılıb.

Dekabrın 17-də Respublikaçı Alternativ Partiyasının (REAL) təsis qurultayı olacaq. Qurultay Müsavat Partiyasının qərargahında keçiriləcək.

Bunu REAL-ın icra katibi Natiq Cəfərli bildirib. Onun deməsinə görə, qurultayda 300-dək nümayəndənin iştirakı gözlənilir.

«1920 nəfər Azərbaycan vətəndaşı REAL Partiyasının təsisçilərinin təşəbbüs qrupuna üzv olub. Ölkəmizin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) el məclisləri formalaşıb», - o qeyd edib.

N.Cəfərli vurğulayıb ki, təsis qurultayı partiyanın nizamnamə və proqramını qəbul edəcək, seçkili orqanlarını (Məclis və Nəzarət Təftiş Komissiyası) seçəcək.

Partiyanın sədrini yeni formalaşacaq məclis seçməlidir.

Xatırlatma

REAL dəfələrlə Bakı şəhər rəhbərliyinə və biznes mərkəzlərinə qurultay keçirmək məqsədilə yer ayrılması xahişi ilə müraciətlər edib. Lakin onların müraciətinə müsbət cavab verən olmayıb.

REAL Hərəkatı 2009-cu ildə yaradılıb. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda baş verən iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunazidd və siyasi motivli hesab edib. Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov hələ də həbsdədir.