'Cənub Qaz Dəhlizi'nə daha 3.3 milyard lazımdır

Qaz

«Azərbaycan «Cənub Qaz Dəhlizi» layihəsi üzrə maliyyə öhdəliklərinin 72 faizini icra edib». «Cənub Qaz Dəhlizi» Qapalı Səhmdar Cəmiyyətinin məlumatında belə bildirilir.

AZƏRTAC-ın məlumatına görə, «Cənub Qaz Dəhlizi» QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11.7 milyard dollar vəsaitdən bu il dekabrın 12-dək 8.4 milyard dollar ödənib. Bu 72 faiz deməkdir.

«Cənub Qaz Dəhlizi» QSC 2014-cü ilin fevralında yaradılıb. Cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla, İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

«Cənub Qaz Dəhlizi»nin seqmentlərini «Şahdəniz-2», Cənubi Qafqaz Kəmərinin Genişləndirilməsi, TANAP (Trans Anadolu Kəməri) və TAP (Trans-Adriatik Kəməri) layihələri təşkil edir. Bu layihəyə ümumilikdə 40 milyard dollardan çox vəsait tələb edilir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan «Cənub Qaz Dəhlizi» vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.