Qazaxıstanda tətil edən mədənçilər məhkəməyə verilib

Tətil gedən mədən yaxınlığı

ArcelorMittal Temirtau (AMT) şirkəti Qazaxıstanda tətil edərək mədəndən çıxmayan fəhlələri məhkəməyə verib. Mədənçilər dekabrın 11-dən Qazaxıstanın mərkəzində yerləşən kömür mədənlərindən çıxmır, maaşlarının artırılmasını tələb edirlər.

Qaraqanda vilayətinin Şaxtinsk şəhərində məhkəmə rəsmiləri AzadlıqRadiosuna bildiriblər ki, dekabrın 14-də şirkətdən məhkəmə iddiası alıblar.

ArcelorMittal qlobal metal nəhənginin bir hissəsi olan AMT məhkəmənin davam edən tətil və mədənçilərin həmkarlar ittifaqının fəaliyyətinin qanunsuz sayılmasını istəyir.

Tətil edən fəhlələrin həmkarlarının radioya deməsinə görə, hazırda bir neçə mədəndə 700-dən çox mədənçi tətil etməkdədir. Yuxarıdakı həmkarlara onlara ərzaq, su çatdırırlar, ailə üzvləri geyim və başqa gərəkənlərini gətirirlər.

AMT rəsmiləri bildirirdilər ki, mədənçilərin əsas tələbi maaşlarının ikiqat artırılmasıdır və bu tələbin yerinə yetirilməsi üçün yeni kontraktlar hazırlanıb.

Mədənçilər həm də ödənişli xəstəlik günləri, təqaüd yaşının 50 olmasını tələb edirlər. Digər tələblər təhlükəsizliklə, avadanlığın müasirləşdirilməsiylə bağlıdır.