Bir neçə gündür Qazaxıstanın mərkəzindəki kömür mədənlərində tətil edən yüzlərlə fəhlə aksiyanı dayandırıb, ötən gecə mədənlərdən çıxıblar. Məlumatı ArcelorMittal Temirtau (AMT) şirkəti yayıb.
AMT-nin məlumatına görə, dekabrın 14-də gecə Qaraqanda regionunda 420 şaxtaçı mədənlərdən çıxıb. Bunu bir neçə şaxtaçının həyat yoldaşları da AzadlıqRadiosuna təsdiqləyib.
Bundan bir neçə saat öncə mədənlərin sahibi olan AMT-nin tətil edənləri məhkəməyə verməsi barədə xəbər yayılmışdı.
Şaxtinsk şəhər məhkəməsi dekabrın 14-də tətilin qanunsuz keçirilməsi barədə qərar çıxarıb.
Qaraqanda regional administrasiyası dekabrın 15-də bildirib ki, mədənçilər “qanunsuz tətil”ə görə təqib olunmayacaq, onların maaşı 30 faiz artırılacaq və kontraktlarına digər mümkün dəyişikliklər barədə danışıqlar gedir.
Aksiyaya ümumilikdə 700 nəfər qatılmışdı, son günlər tətili dayandıranlar vardı.
Onların əsas tələbi maaşlarının ikiqat artımı, ödənişli xəstəlik günləri, təqaüd yaşının 50 təyin olunmasıydı.