REAL-ın qurultayı yenə təxirə düşdü

REAL hərakatının loqosu

REAl Hərəkatı təsis qurultayını yenidən müvəqqəti olaraq təxirə saldığını açıqlayıb. Hərəkat bu gün, dekabrın 15-i bununla bağlı qərar verməli olub.

Hərəkatın bəyanatında dəfələrlə müraciət edilməsinə rəğmən dövlət və özəl qurumların qurultaydan ötrü yer ayırmadığı qeyd olunur.

"Bütün bunları nəzərə alaraq, Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Müsavat Partiyasına istifadələrində olan binanın qurultay keçirilməsi üçün bir günlük ayrılması xahişi ilə müraciət etdi və müsbət cavab aldı. Qurultayın dekabrın 17-də keçirilməsi ictimaiyyələşdirildikdən sonra Müsavat Partiyasının rəhbərliyinə ciddi təzyiqlər göstərilməyə başlanıb”, – hərəkatın açıqlamasında vurğulanır.

Buna da bax: Arif Hacılı 'bandotdel'dən qayıdıb...

REAL qeyd edir ki, təzyiqlərdən sonra Müsavat Partiyası rəhbərliyi onlara müraciət edərək, təsis qurultayının onların binasında keçirilməsini müvəqqəti olaraq təxirə salınmasını təklif edib. Partiyanın müraciəti, onların istifadəsində olan binanın itirilməsi təhlükəsinin ciddiliyi nəzərə alınaraq, qurultayını müvəqqəti təxirə salınması qərara alınıb.

Xatırlatma

Respublikaçı Alternativ (REAl) Hərəkatı bir neçə aydır ki, qurultay keçirmək istəyir. Hərəkatın həmin qurultayda partiyaya çevrilməsi gözlənilir.

Ancaq REAL qurultayı keçirməyə yer tapmadığını açıqlayıb. Hərəkatdan verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinə, özəl mərkəzlərə dəfələrlə müraciət edilsə də, qurultayın keçirilməsinə yer ayrılmasından imtina edilib. Buna görə, qurultay ertələnib.

Buna da bax: Müsavat qərargahından çıxarıla bilər - ReAL-a yer verərsə...

REAL bu günlərdə qurultayın dekabrın 17-si Müsavat Partiyasının qərargahında keçiriləcəyini açıqlamışdı. Bunun ardınca Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına bununla bağlı xəbərdarlıq verib. Partiyanın məlumatında qeyd edilir ki, Dövlət Komitəsi onlar ilə bağlanmış icarə müqaviləsinin şərtlərini əsas gətirərək qərargahın bir başqasına icarə verilməsinin mümkün olmadığını bəyan edib. Əks halda icarə müqaviləsinə xitam veriləcəyi vurğulanıb.

Müsavat Partiyası isə hesab edir ki, qərargahları REAL-a icarə verilmədiyindən müqavilə şərtləri heç də pozulmur.

Daha sonra isə Müsavat Partiyasının başqanı Arif Hacılı «bandotdel» kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Ancaq bu açıqlamalara, hələlik, nə Əmək Məsələləri Dövlət Komitəsindən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

REAL Hərəkatı 2009-cu ildə yaradılıb. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qanunazidd və siyasi motivli hesab edib. Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov, hələ də həbsdədir.