Macron deyir, fevraladək İŞİD üzərində qələbə çalınacaq

Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron deyir ki, Suriyada İslam dövləti (İŞİD) yaraqlılarına qarşı hərbi kampaniya fevraladək başa çatacaq. Bundan bir neçə həftə öncə İraqda ekstremistlər üzərində qələbə elan olunub.

“İraqın baş naziri Haidar al-Abadi dekabrın 9-da müharibənin bitdiyini, Daesh üzərində qələbəni elan etdi. Məncə, fevralın ortasına, ya sonunadək Suriya müharibəsini udacağıq”, – Macron dekabrın 17-də France 2 televiziyasına müsahibəsində deyib. Daesh İŞİD-in ərəbcə qısa adıdır.

Macron-un sözlərinə görə, Paris Suriyadakı altıillik müharibənin bütün tərəflərini sülh danışıqlarına cəlb etməyə çalışacaq. O, həmin danışıqların hazırda aparılan digər danışıqlarla necə əlaqələndiriləcəyini açıqlamayıb.

Macron deyir ki, prezident Bashar al-Assad heç bir danışıqlarda gözardı edilməməlidir, ancaq Suriya lideri də bir gün hərəkətlərinə görə cavab verməlidir.

“Hamıyla danışmalıyıq. Bashar al-Assad və onun təmsilçiləriylə danışmalıyıq. O, törətdiyi cinayətlərə görə xalqı, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”, – Macron deyib.

2011-ci ildən bəri Suriyada gedən vətəndaş müharibəsində 400 min adam öldürülüb, milyonlarla insan evindən didərgin düşüb.