Rusiyada antiqərb əhvalı yüksəlir

Moskvada bazar, arxiv fotosu

Rusiyada antiqərb əhvalı yüksəlməkdədir. “Levada” sosioloji mərkəzinin keçirdiyi rəy sorğusuna görə, respondentlərin 60 faizi ABŞ-a, 54 faizi Avropa Birliyinə mənfi yanaşır.

Yanvarda Birləşmiş Ştatlara mənfi yanaşan rusiyalıların 49, AB-yə mənfi yanaşanlar 47 faiz təşkil edirdi.

Bu arada rəyi soruşulanların dörddə üçü Qərblə münasibətlərin yaxşılaşdırılmasını istəyir. 16 faiz hesab edir ki, bu, Rusiyaya lazım deyil.

İlin əvvəliylə müqayisədə Ukraynaya mənfi yanaşan rusiyalıların sayı 2 faiz artıb. “Levada” bildirir ki, dekabrda respondentlərin yalnız 56 faizi Kiyevə belə münasibət bəslədiyini açıqlayıb.

Respondentlərin 30 faizi Rusiyaya siyasi və iqtisadi sanksiyalardan, eləcə də Krımın anneksiyası və Moskvanın Ukraynayla bağlı mövqeyinə görə beynəlxalq izolyasiyasından narahatdır. Ancaq 65 faizdən çoxunu bu məsələlər narahat etmir.