İ.Əliyev: ''Qarabağ' Qarabağı ləyaqətlə təmsil edib'

İlham Əliyev

«Bu il bir çox idman qələbələrimiz olub. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu oldular. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar».

President.az saytının xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev bu gün, dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan tədbirində deyib.

Prezident vurğulayıb ki, bu il iki idmançı - Məmmədrəsul Məcidovla (boks) Hacı Əliyev (sərbəst güləş) üçqat dünya çempionu olublar.

Dövlət başçısı «Qarabağ» klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini də Azərbaycan futbolunun tarixi uğuru kimi dəyərləndirib. Prezident deyib ki, «Qarabağ2 komandası ölkəni, xalqı və Qarabağı ləyaqətlə təmsil edib:

«Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil. Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, «Qarabağ» futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi».

Prezidentə görə, güclü iqtisadi imkanlar başqa sahələrdə də uğurlara şərait yaradır.

Dövlət başçısı vurğulayıb ki, idmana sadəcə olaraq bir sahə kimi baxmaq mümkün deyil. İdman hər bir ölkənin ictimai həyatında çox böyük rol oynayır.

İ.Əliyev deyib ki, bundan sonra da idmançılara dövlət qayğısı davam edəcək.