Dekabrın 21-də BMT-nin Baş Assambleyası fövqəladə toplantı keçirəcək. Bu iclas ərəb və müsəlman ölkələrin xahişiylə ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına həsr olunur.
Fələstinin BMT-dəki elçisi Riyad Mansour deyib ki, assambleyanın 193 üzvü Trump-ın bu qərarını ləğv etməyə çağıran qətnaməni səsə qoyacaq. ABŞ dekabrın 18-də BMT Təhlükəsizlik Şurasına çıxarılan oxşar qətnaməyə veto qoymuşdu.
Mansour qətnamənin “çoxluğun dəstəyini” qazanacağına ümidini bildirib. Səsvermənin məcburi hüquqi qüvvəsi olmasa da, siyasi çəkisi var. ABŞ-ın səfiri Nikki Haley Twitter-də xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Amerika xalqının Qüds seçiminə qarşı səs verənləri yadda saxlayacaq
Assambleya sonuncu dəfə oxşar toplantını 2009-cu ildə Qüdsün işğal olunmuş şərqi və Fələstin torpaqlarıyla bağlı keçirib. 21 dekabr iclası da həmin sessiyasının davamı sayılır.