“Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün, dekabrın 20-də Bakıda İran və Türkiyədən olan həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, bu məsələ ilə bağlı dekabrın 21-də BMT Baş Assambleyasında qətnamə layihəsi müzakirə ediləcək:
"Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək”.
Buna da bax: Prezident Mövlud Çavuşoğlunu qəbul edib
E.Məmmədyarov Qarabağ problemindən danışarkən Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla gözlənilən görüşə də toxunub. O, bildirib ki, həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Amma görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair ilkin razılıq var. Nazir görüşün Avropa ölkələrindən birində baş tutacağını vurğulayıb:
“Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur nəticə olsun", - deyə o qeyd edib.
Nazir hər üç ölkə arasında elektrik enerjisi mübadiləsinin artdığını deyərək növbəti görüşə özəl və iqtisadi sektorun təmsilçilərini də dəvət etmək barədə qərar verildiyini açıqlayıb.
Cavad Zərif: Özəl sektorun payını artırmağı qərara aldıq
“Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir".
Bunu isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, üçtərəfli format çox vacibdir:
"Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".
M.Çavuşoğlu: “Növbəti görüş Türkiyədə olacaq”
Türkiyə xarici işlər naziri M.Çavuşoğlu isə növbəti üçtərəfli görüşün Türkiyədə keçiriləcəyini nəzərə çatdırıb.
M.Çavuşoğlu əlavə edib ki, Bakıda keçirilən görüşdə üç ölkənin iş adamlarını bir araya gətirmək barədə də razılığa gəlinib.
O, söyləyib ki, Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkələrdir. Bu ölkələrdən aldıqları neft və qazın həcmini artırmaq istəyirlər.
Qarabağ probleminə toxunan M.Çavuşoğlu deyib ki, Türkiyə bu münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyir.
Xatırlatma
Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Bu formatda birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Dördüncü görüş isə yenə də İranda gerçəkləşib. Növbəti görüş Türkiyədə olacaq.