Məhkəmə qərarı: Uber nəqliyyat şirkətidir

Uber mobil əlavəsi

Avropa Ədalət Məhkəməsi Uber-in nəqliyyat şirkəti olmasıyla bağlı qərar verib. Qərarda deyilir ki, Uber-in fəaliyyəti məhz buna uyğun tənzimlənməlidir. Bu, mobil əlavənin işinə zərbə sayılır.

Luksemburqda mənzillənən məhkəmənin dekabrın 20-də çıxardığı qərarda deyilir ki, Uber AB-nin rəqəmsal xidmətlərlə bağlı qanunlarının verdiyi azadlıqlardan yararlana bilməz.

“Uber-in fərdləri qeyri-peşəkar sürücülərlə calaşdırmaq xidməti nəqliyyat sahəsindəki xidmətlərə daxildir. Üzv ölkələr həmin xidmətə görə şərtləri tənzimləyə bilərlər”, – qərarda deyilir.

Uber taksi, yaxud nəqliyyat şirkəti deyil, informasiya-xidmət provayderi olduğunu deyirdi, çünki adamların bir-biriylə elektron ünsiyyət yaratmasına kömək edir.

San Fransiskoda yerləşən Uber-sə bildirib ki, bu qərar “nəqliyyat qanunvericiliyinə uyğun işlədiyimiz AB ölkələrinin çoxunda durumu dəyişməyəcək”.

Ancaq ekspertlərin fikrincə, bu qərar gələcəkdə Uber və provayderlərlə müştəriləri elektron yolla calaşdıran digər şirkətlərin işinə təsir göstərə bilər.

Bu işə İspaniyanın Barselona şəhərində taksi sürücüləri assosiasiyasının şikayəti əsasında baxılıb.