Polisdə müsavatçıya xəbərdarlıq edildiyi deyilir

Arxiv fotosu

Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının sədri İman Əliyevə polisdə xəbərdarlıq edildiyi bildirilir. Müsavatçının dalbadal iki gün Lənkəran Rayon Polis İdarəsində sorğu-sual edildiyi deyilir.

Bu haqda Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyası Lənkəran təşkilatının sədri İman Əliyev dünən, dekabrın 20-si polisə aparılıb:

“Bunun səbəbləri haqda yaxınlarına heç bir bilgi verilməyib. Onu gecə saat 12-yə işləmiş, bu gün, dekabrın 21-i polisə gəlmək şərtilə sərbəst buraxıblar. İ.Əliyev bu gün yenidən polis idarəsinə gedib”.

Y.Sadıqovun bildirdiyinə görə, müsavatçıdan polisə şikayət daxil olub.

Buna da bax: Əvəz Zeynallının polisə aparıldığı bildirilir [yenilənib]

“Bir vətəndaş İman Əliyevdən polisə şikayət edib. O, şikayətində bildirib ki, guya, İ.Əliyev onu zorla partiyaya üzv etmək istəyir və polisdən yardım istəyib”, – Y.Sadıqov bildirib.

Onun sözlərinə görə, polisdə İ.Əliyevlə “tərbiyəvi söhbətlər” aparıldıqdan sonra ona xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Müsavat Partiyasından bildiriblər ki, noyabrın 26-da İman Əliyevin evində təşkilatın konfransı keçirilib.

“Ötən ay keçirilmiş həmin konfransdan sonra İman Əliyev polis və icra orqanları tərəfindən təqib olunur”, – partiyadan bildiriblər.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Bütün bu deyilənlərlə bağlı, hələlik, Lənkəran Rayon Polisi İdarəsindən münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə İman Əliyevin özü də yerli hakimiyyət təmsilçilərinin müxalifətçilərə təzyiq göstərdiyini bildirmişdi. Ancaq onda AzadlıqRadiosu-na danışan yerli hakimiyyət təmsilçiləri deyilənləri uydurma adlandırmışdılar.