Rasim Balayev: 'Özümü indi yaxşı hiss edirəm'

Rasim Balayev

Aktyor Rasim Balayevin səhhəti yaxşılaşıb.

Bu haqda R.Balayev özü bildirib.

R.Balayev vurğulayıb ki, artıq müalicəsi müsbət təsir göstərir. Onun sözlərinə görə, 10 gün öncə İsraildən gələn fəqərə sütunu üzrə mütəxəssis bel ağrıları ilə bağlı tövsiyələrini verib, ondan sonra ağrılar azalıb:

«Həkim təxminən 10 gün qabaq gəlmişdi, bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicə gedir, özümü yaxşı hiss edirəm».

R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var, müalicə xərcləri dövlət hesabına ödənilir.

Bir müddət öncə R.Balayev KİV-lərə müsahibəsində ağrılardan əziyyət çəkdiyini, bütün lazımı dərmanları almağa maddi baxımdan çətinlik çəkdiyini açıqlamışdı. Bunun ardınca, noyabrın 17-də xalq artisti, deputat Zeynəb Xanlarova parlamentin iclasında aktyorun dərman almağa pul tapa bilməməsini «mədəniyyətin faciəsi» adlandırmışdı. O, Səhiyyə Nazirliyinə «Bu nə böyük məsələdir ki, həll edə bilmirsiniz?», - deyə sual etmişdi.