Latviyada Azərbaycan Ticarət Evi yaradılır

Riqa

Azərbaycan Latviyada «Trading House of Azerbaijan» şirkəti təsis edib. Həmin şirkətin Riqa şəhərində yaradılan Azərbaycan Ticarət Evini idarə edəcəyi bildirilir.

Bu haqda İqtisadiyyat Nazirliyinin məlumatında yazılır.

Nazirlik bildirir ki, bu qurum «Made in Azerbaijan» brendli malların Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması və sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak məsələləri ilə məşğul olacaq.

Potensial alıcıların müəyyən edilməsi, işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin alınması və bu ölkə vasitəsilə sahibkarların Avropa bazarına çıxışı məsələləri də ticarət evinin kurasiyasında olacaq.

Xatırlatma

Bu il yanvarın sonunda prezident İlham Əliyev xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndəsinin təyin edilməsi haqqında fərman imzalayıb.

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

Həmin fərmana uyğun olaraq, ilk təyinat fevralın əvvəlində Rusiyadakı səfirliyə olub. Bunun ardınca Belarusun paytaxtı Minskdə Azərbaycan Ticarət Mərkəzi yaradılıb.