Müdafiə naziri ön cəbhədə

Z.Həsənov cəbhə xəttində. Foto arxiv

Müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində əsgərlərlə görüşüb.

Bu barədə bu gün, dekabrın 26-da Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb.

Daha sonra nazir ön xətdə xidmət edən hərbçilərdən ötrü yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Z.Həsənov şəxsi heyəti qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.