Kürd lideri Soçiyə dəvət olunduqlarını deyir

Suriyada kürd yaraqlısı

Rusiya Suriyanın şimalında kürdlərin nəzarətində olan muxtar region liderlərinə söz verib ki, gələn ay Soçidə keçiriləcək sülh forumuna təmsilçilərini göndərə bilərlər. Bunu Suriyada kürd komandiri dekabrın 27-də deyib.

YPG komandiri Sipan Hemo-nun sosial media kanallarında bildirməsinə görə, Moskva muxtar regiondan 155 təmsilçinin görüşə gedəcəyini deyib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan kürd qrupları heç bir sülh danışığında iştirak etməyiblər.

Türkiyə onların danışıqlarda iştirakına qarşı çıxır. Ankara YPG-ni kürdlərin PKK qruplaşmasına bağlı terrorçu qrup sayır. PKK on illərdir Türkiyədə muxtariyyət savaşı aparır.

Rusiya yanvarın 29-30-da Soçidə Suriya sülh dialoqu keçirəcəyini açıqlayıb. Ancaq müttəfiqi, Suriya prezidenti Bashar al-Assad-dan başqa bu toplantıya kimin gedəcəyi bəlli deyil.

Suriyanın 40-dək üsyançı qrupu dekabrın 26-da bildiriblər ki, danışıqlarla getməyəcəklər.

Kürdlər dəvət olunarsa, Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın da inciyəcəyi ehtimalı var. Erdogan münaqişədə üsyançı qrupları dəstəkləyir. O, dekabrın 27-də Assad-ı “terrorçu” adlandırıb, deyib ki, o, sülh danışıqlarına tərəf olmamalıdır.