Mərkəzi Bankdan optimist açıqlamalar və...

Mərkəzi Bank

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək.

Bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üzrə pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Sənəddə vurğulanıb ki, bundan ötrü AMB adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

2018-ci ildə faiz dəhlizinin parametrləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyən edilməlidir. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq, uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcəyini bəyan edib.

Amma bununla belə, AMB mümkün xarici şokları da gözardı etmir.

«Xarici şokları effektiv absorbasiya (udma, həll etmək) etmək qabiliyyətini nəzərə alaraq, Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər», - deyə sənəddə vurğulanıb.

AMB inflyasiyanı 6-8 faiz həddində saxlamağı hədəfləyir.

Bu il inflyasiya 14 faizə yaxın olub.