Prezident qoruqdakı vəziyyətdən narazı qalıb

İ.Əliyev «Yanardağ»da.

Bu gün, dekabrın 29-u Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışı olub. Açılış mərasiminə prezident İlham Əliyev də qatılıb.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

Açılış zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun təmiri ilə bağlı görülən işlər haqda ölkə başçısına məlumat verib. Bildirilib ki, Mehdiabad–Digah–Məmmədli avtomobil yolu Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 9 kilometrə yaxın olan yolun təmir-tikintisinə 2.5 milyon manat vəsait ayrılıb.

Prezident İ.Əliyev daha sonra «Yanardağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

Qoruqdakı vəziyyətlə tanış olan prezident orada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, həm yerli vətəndaşların, həm də çoxsaylı turistlərin gəldiyi qoruqdakı şərait Azərbaycanın hazırkı inkişaf səviyyəsinə uyğun deyil.

Prezidentin qoruqdakı vəziyyətin qısa müddət ərzində aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına ciddi tapşırıqlar verdiyi bildirilir.

Yanardağ Bakı şəhəri yaxınlığında və Xəzər dənizinin sahilində yerləşən Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir.