Siyəzənli məhbusların cəzaları qismən azaldılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

Bir aydan artıq fasilənin ardınca Sumqayıt Apellyasiya Məhkəməsi Siyəzən hadisələri ilə bağlı həbs edilən şəxslərin şikayəti üzrə qərarını elan edib. Dekabrın 27-də aşağı məhkəmənin hökmü qismən dəyişdirilib.

Bu haqda AzadlıqRadiosuna iş üzrə vəkillərdən Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, apellyasiya şikayətinə hakim Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə kollegiyası baxıb.

Bundan əvvəlki məhkəmə iclasında Siyəzən hadisələri ilə bağlı həbs edilənlərin vəkilləri çıxış ediblər. Onlar məhkəmədən xahiş ediblər ki, bəraət qərarı verməklə həbs edilənlərin hüquqların pozuntusuna son verilsin.

Sumqayıt Apellyasiya Məhkəməsinin Siyəzən hadisələrinə görə tutulanlardan Müslüm Əzimova, Elçin Əliyevə, Kamran Abdullayevə və Nizami Qəniyevə verilən cəzadan 1 il çıxdığı deyilir.

Coşqun Bəğişov, Fariz Kərimov, Namiq MəstanovAbasət Süleymanovun cəzalarının isə 6 ay azaldıldığı qeyd edilir.

Vəkilin deməsinə görə, Zaur Şəkərovun cəzası daha çox - 2 il azaldılıb.

Məhkəmənin Aydın Səfərli ilə Talıb Ağamalıyevə verilən cəzaları dəyişmədiyi vurğulanır.

Vəkillər məhkəmənin qərarı ilə razılaşmır. Tezliklə Ali Məhkəməyə kasasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırlatma

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb.

Quba Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə ), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlama) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib.

Bundan başqa, onlara 234-cü (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələrlə də ittiham verilib. Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəğişov, Talıb Ağamalıyev, Elçin Əliyev, Kamran AbdullayevNizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilmişdi.