Hərbi hissələrdə ‘Açıq qapı’

Müdafiə nazirliyi

Dekabrın 30-u saat 11.00-dan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan şərait ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və başqa mədəni-kütləvi tədbirlər keçiriləcək”, - məlumatda vurğulanır.

Xatırlatma

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 25 ildir ki, bu bayram qeyd edilir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağılması zamanı qoyulub.

O hadisələrin şahidlərinin deməsinə görə, «Berlin divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında, həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildiriblər.

Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

İki il ötüb, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.

Yanvarın 1-i və 2-i isə Azərbaycanda rəsmən Yeni il bayramıdır.