BMT rəhbərindən 'həyəcan siqnalı'

Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres dünyaya “həyəcan siqnalı” verib və onu bərabərsizlik, millətçilik, ksenofobiya və potensial nüvə müharibə təhlükəsi qarşısında birləşməyə çağırıb.

“2018-ci Yeni il Günündə müraciət etmirəm. Dünyaya həyəcan siqnalı verirəm”, – Guterres dekabrın 31-də Yeni il mesajında deyib.

“Münaqişələri həll edə, nifrəti üstələyə, vahid dəyərləri müdafiə edə bilərik. Ancaq bunu yalnız birlikdə edə bilərik”, – o deyib.

Baş katib deyir ki, bir il öncə vəzifəyə gələndə, “2017-ci ilin sülh ili olmasından ötrü müraciət etmişdi. Təəssüf ki, dünyadakı proseslər bunun tərsinə dövran edib”.

“Münaqişələr dərinləşib, yeni təhlükələr baş qaldırıb. Soyuq Müharibədən bəri ilk dəfə olaraq nüvə silahları sarıdan qlobal narahatlıq ən yüksək həddədir”, – deyən baş katib Şimali Koreyanın ballistik raketlər və nüvə silahları sınaqdan çıxarması ətrafında yaranan böhrana işarə vurub.