Taleh Bağırov Qobustan həbsxanasında döyüldüyünü bildirir

Taleh Bağırov

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun yaxınları onun saxlandığı həbsxanada bu günlərdə zorakılığa məruz qaldığını bildirir.

Bu haqda AzadlıqRadiosuna ilahiyyatçının ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, T.Bağırov özü telefonla danışarkən başına gələnlər haqda onları məlumatlandırıb. İlahiyyatçı yaxınları vasitəsilə ictimaiyyətə açıqlamasını da çatdırıb. Bildirib ki, onu həbsxananın əməkdaşları döyüb.

«Hakimiyyət məni yenidən şərləyərək, haqqımda daha bir qondarma cinayət işi açandan sonra da sakitləşmir. Saxlandığım Qobustan həbsxanasında sifariş əsasında, məni təxribata çəkmək məqsədilə keçmiş əməliyyatçı, hazırda isə orada mülki işçi kimi fəaliyyət göstərən Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım. Bütün xalq bilsin ki, Qobustan həbsxanasında başıma gələcək istənilən hadisənin birbaşa məsuliyyətini İlham Əliyev daşıyır», – ilahiyyatçı yaxınları vasitəsilə ictimaiyyətə açıqlamasında bunları bildirib.

Ailə üzvləri deyir ki, Qobustan həbsxanasında bu günlərdə T.Bağırova yenə töhmət verilib: «Onun «kars»a salınacağını da istisna etmirik».

Yeni il bayramı ilə əlaqədar ölkədə iş günü olmadığından, T.Bağırovun zorakılığa məruz qalması haqda söylədiklərinə Penitensiar Xidmətin münasibətini öyrənmək mümkün olmayıb.

T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub. Ölkənin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi ağır maddələrlə suçlanan ilahiyyatçı 20 il azadlıqdan məhrum edilib.

Bu yaxınlarda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə ilahiyyatçı CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham olunur. Bu işin istintaqı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılıb. İttihama görə, T.Bağırov Qobustan həbsxanasına gətirilərkən yoxlama zamanı üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib. Amma ekspertiza həmin kartlarda «Qurani Kərim», Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

T.Bağırov nə əvvəlki, nə də son ittiham üzrə özünü təqsirli bilir. Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti, o cümlədən T.Bağırov məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını, ittihamların yalan olduğunu söyləyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.