Ankara Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasıyla bağlı hələ də danışıqlar aparır. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyir.
Nazirin sözlərinə görə, raket sisteminin alınması vacib idi və Türkiyənin “buna təcili ehtiyacı vardı”.
Bu sövdələşmə Türkiyənin NATO-dakı müttəfiqlərini xeyli narahat edib.
“Bunu NATO müttəfiqlərimizdən almaq istədik, amma alınmadı. Rusiya bizə ən yaxşı sövdələşməni verdi. Bu səbəbdən bu sistemi Rusiyadan aldıq”, – Cavusoglu “dpa” agentliyinə müsahibəsində deyib.
Cavusoglu deyib ki, texnologiya transferi məsələsinin hələ də həll olunmamasına baxmayaraq, 2,5 milyard dollarlıq kontrakt üzrə işlər irəliləyir.
“Onlar bizə deyiblər ki, birgə istehsal gerçəkləşəcək və texnologiya transfer olunacaq. Ancaq bu məsələ orta və uzaq perspektivdə razılaşdırılmalıdır”, – o deyib.
Nazir raket sisteminin ilk göndərişlərinin 2020-ci ildə başlanacağını sözlərinə əlavə edib.