Cəzadan azad edilən 5 min nəfərə müavinət ödənilib

Həbsxana

2017-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 5 min 214 nəfərə birdəfəlik müavinət ödənildiyi bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə yazılır.

Məlumata görə, cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əməkhaqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Minimum aylıq əməkhaqqının yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği 520 manata çatdırılıb. Minimum aylıq əməkhaqqı 10 faizdən bir qədər çox artırılıb.

Nazirlik bildirir ki, ötən il ölkədəki 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəzaçəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Kurslarda həmin şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, kompüter təmiri, inşaat rəngsazı, dülgər-xarrat və başqa peşələr öyrədilib.

Nazirlik son 5 ildə penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirir.

2016-cı ilin statistikasına görə, ölkədə 23 min 311 nəfər məhbus olub.