MİDA ilk dövlət sifarişi alıb

Tikinti

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Təhsil Nazirliyindən «Yasamal» Yaşayış Kompleksində bina tikintisindən ötrü dövlət sifarişi alıb.

Bu haqda MİDA-nın məlumatında bildirilir.

«Həmin yaşayış evinin mənzillərinin bir hissəsini Təhsil Nazirliyi təhsil işçilərinə təqdim edəcək. Qalan hissəsi isə «MİDA» MMC-nin sərəncamına verilərək «Güzəştli mənzil» elektron sistemi vasitəsilə satışa çıxarılacaq», - MİDA-nın məlumatında qeyd edilir.

Agentlik dövlət sifarişində mənzillərin sayı barədə məlumat vermir. Bu sifarişdə maliyyə mənbələri barədə də məlumat yoxdur. Yalnız o bildirilir ki, təhsil sistemində çalışanlar əlverişli qiymətə mənzil almaq hüququna malikdirlər. Güzəştli qiymətə yaşayış binalarının tikintisindən ötrü digər dövlət orqanları, müəssisələr və təşkilatlar da dövlət sifarişi verə bilər.

Xatırlatma

«Yasamal» Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.

Sosial binalardan yalnız güzəştli ipoteka ala bilənlərin mənzil əldə edəcəkləri bildirilir. Agentlikdən bildirildiyinə görə, orda mənzillər bazar qiymətlərindən 20-25 faiz ucuz olmalıdır.