Asim Mollazadə: 'Avropa Şurası Azərbaycana çox vacibdir'

Asim Mollazadə

“Avropa Şurasında (AŞ) qalmaq Azərbaycana çox vacibdir”.

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni üzvü Asim Mollazadə “Turan” agentliyinin heyətin bəzi üzvlərinin dəyişdirilməsi barədə sualına cavabında belə deyib.

A.Mollazadə diqqəti Avropa Şurasının önəminə çəkib

Buna da bax:​ AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir

“Strasburq Azərbaycanın ərazi bütövlüyü problemini qaldırmasına imkan verən meydançadır”, – deyən A.Mollazadə Azərbaycanın ərazi bütövlüyü məsələsində AŞ-ın sənədlərinin əhəmiyyətinə toxunub.

“Avropa Şurası yeganə beynəlxalq təşkilatdır ki, onun qətnaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, etnik təmizləmə və məcburi köçkünlər barədə danışılır”, – deputat deyib.

Bu gün, yanvarın 4-də APA agentliyi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin 3 üzvünün dəyişdirildiyini bildirmişdi.

Deputatlardan Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin nümayəndə heyətindən çıxarıldıqları deyilirdi.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Onların yerinə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin, bitərəf Ülviyyə Ağayeva və Elşad Həsənovun təyin edildiyi vurğulanırdı.

AŞPA nümayəndə heyətinin tərkibində dəyişikliklərin səbəbləri barədə rəsmi açıqlama yoxdur.

Ancaq bir müddət öncə heyətdən çıxarılan E.Süleymanovla M.Məmmədovun adı yerli və xarici KİV-lərdə AŞPA təmsilçilərinə rüşvət verməkdə hallanırdı. Azərbaycanın AŞPA-dakı təmsilçiləri bu iddiaları qəbul etmirdilər.

Son aylar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı Avropa Şurası ilə Azərbaycan arasında müəyyən gərginliklərin yaşandığı bildirilir. Hətta, bu məsələlərə toxunan prezident İlham Əliyev demişdi ki, Azərbaycan Avropa Şurasını tərk etsə belə, heç kəs buna əhəmiyyət verməyəcək.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

«İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik», – deyə prezident qeyd edirdi.