Yunanıstan Makedoniyayla ad mübahisəsinin həllinə nikbin yanaşır

Nikos Kotzias (solda) makedoniyalı həmkarı Nikola Dimitrov ilə, avqust, 2017-ci il

Yunanıstanın xarici işlər naziri deyir ki, bu il Makedoniyayla on illərdir davam edən ad mübahisəsini həll etmək istəyir. Bu adı həm Balkan ölkəsi daşıyır, həm də Yunanıstanın şimalında bu adda ərazi var.

“Məncə, 2018-ci ildə onillərdir həllini gözləyən xarici siyasət məsələləri yoluna qoyulacaq”, – nazir Nikos Kotzias yanvarın 4-də kabinetin iclasından sonra reportyorlara deyib.

“Bütövlükdə Balkanların rifahına töhfəmizi verəcəyik”, – o, sözlərinə əlavə edib.

Bu mübahisə illərdir Makedoniyanın Avropa Birliyi və NATO-ya qoşulmaq cəhdlərini də əngəlləyir. Ötən ildən Skopyedə sosial demokratların rəhbərlik etdiyi yeni hakim koalisiya bu məsələnin həllinə üstünlük veriləcəyini bildirib.

İyunda NATO-nun Makedoniyanın alyansa qoşulmasıyla bağlı müzakirəni yenidən başladacağı gözlənir. Yunanıstan 2008-ci ildə məsələyə veto qoymuşdu.

Afina illərdir Makedoniyanın AB və NATO-ya qoşulmasını əngəlləyir, bildirir ki, Makedoniya adı Yunanıstanın şimal regionuna aiddir.