“Bomba qasırğasından” dörd nəfər də həlak olub

Nyu York şəhəri, 4 yanvar, 2018-ci il

Birləşmiş Ştatların cənub-şərqində “Bomba Siklonu” adını almış qış qasırğasından daha dörd nəfər həlak olub. Ölkənin şərq sahilini vurmuş bu qasırğa özüylə güclü qar və şaxtalı hava gətirir.

Milli Hava Xidməti yanvarın 5-də bildirib ki, şaxtalı hava həftəsonu da hökm sürəcək.

Kəskin hava durumundan daha öncə Şimali və Cənubi Karolinada 12 nəfər həlak olub.

Fövqəladə hava durumuna görə minlərlə hava reysi təxirə salınıb, minlərlə adam elektriksiz qalıb, məktəblər bağlanıb.

Nyu York ştatında məşhur Niaqara şəlaləsinin bir hissəsi donub.

Sinoptiklər bu qasırğaya “bomba siklonu” deyirlər. Bu xüsusi təbii fenomen zamanı atmosfer təzyiqi kəskin düşür, sonradan sürətlə artaraq qasırğa gücündə külək yaradır.