Cəbhəçiyə 30 sutka həbs verildiyi deyilir

AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Natiq Kazımovun inzibati qaydada həbs edildiyi bildirilir.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev danışıb. Vəkilin deməsinə görə, AXCP Gənclər Komitəsinin üzvü N.Kazımov polisə müqavimətdə günahlandırılıb. Onun hazırda Abşeron Rayon Polis İdarəsində saxlandığı güman edilir.

Ə.Mustafayev cəbhəçinin saxlanılması barədə polisdən hər hansı məlumat əldə edə bilməyib. Yalnız Ombudsman Aparatı vasitəsilə cəbhəçinin 30 sutkalığa inzibati qaydada həbs edildiyini öyrəndiyini deyir.

Vəkil bundan sonra gərəkli hüququ addımların atılacağını ifadə edib.

Ə.Mustafayev polisə çağrıldığı bildirilən başqa cəbhəçi gənc Rəşid Fərəclidən isə xəbər ala bilmədiyini qeyd edib.

Hüquq-mühafizə qurumlarından hələlik hər iki cəbhəçi ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP-nin mətbuat xidməti bu gün, yanvarın 5-də Gənclər Komitəsinin üzvü N.Kazımovla partiyanın Binəqədi şöbəsinin üzvü R.Fərəclinin polisə çağrıldığını açıqlamışdı.

N.Kazımovun Binəqədi Rayon Polis İdarəsinə, R.Fərəclinin isə Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığı deyilirdi.

Partiyadan bildirildiyinə görə, N.Kazımov yaşadığı Qobu ərazisində olan qaz probleminə görə sakinlərə qaz idarəsinə şikayətə getməyi təklif edib. Onun bu üzdən polisə dəvət edildiyi bildirilirdi.

AXCP Binəqədi şöbəsinin üzvü R.Fərəclinin yaxın dostları isə onun sosial şəbəkələrdəki fəallığı üzündən Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığını deyirdilər.

Gənclərin yanvarın 4-də polisdə dindirildikləri bildirilirdi.

Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. Partiya onların şərlənərək, siyasi motivlərlə həbs edildiyini bəyan edib. Amma rəsmilər ölkədə siyasi motivlərlə həbslərin aparıldığı fikrini qəbul etmirlər.