Saakashvili-yə həbs cəzası kəsilib- YENİLƏNİB

Mikheil Saakashvili Kiyevdə məhkəmə yaxınlığında, 3 yanvar, 2018-ci il

Tbilisidə məhkəmə Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-ni qiyabi olaraq 3 illik həbsə məhkum edib.

Məhkəmə iki il idi bu işə baxırdı. Bu, siyasətçi barədə ilk məhkəmə hökmüdür və onun Ukraynadan Gürcüstana ekstradisiyası üçün zəmin yaradır.

Vəzifəsindən sui-istifadədə təqsirli bilinmiş keçmiş prezidentin tərəfdarları hökmü siyasi adlandırıblar.

Hakim Giorgi Arevadze-nin çıxardığı hökm Tbilisidə banklardan birinin əməkdaşı Sandro Girgvliani işiylə bağlıdır. Onu 2006-cı ildə paytaxt restoranlarından birində öldürüblər. İttihama görə, Saakahsvili istintaqın saxtalaşdırılmasına kömək edib və iş üzrə təqsirli bilinmiş dörd nəfəri vaxtından qabaq, qanunsuz olaraq əfv edib.

United Georgian Bank-ın direktoru olmuş Girgvlianinin üzərində zorakılıq əlamətləri olan meyiti 2006-cı ilin yanvarında Tbilisi ətrafında aşkar edilmişdi. Bu hadisədən əvvəl onun barda Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə mübahisəsi olmuşdu.

Bu qətl hadisəsi və hakimiyyətin onu araşdırmağa meylli olmaması Saakashvili hökumətinin kəskin tənqid olunmasıyla sonuclandı.

İşə Avropa İnsan Haqları Məhkəməsinin tələbiylə baxılırdı.

*** Buna da bax: Saakashvili: FSB-nin mənə qarşı dəlilin düzəldilməsində əli var

DAHA BİR NEÇƏ CİNAYƏT İŞİ VAR

Saakashvili-yə daha bir neçə cinayət işi qaldırılıb. Onu deputat və biznesmen Valeriy Gelashvili-nin döyülməsinin təşkilində ittiham edirlər. Biznesmen müsahibələrinin birində Saakashvili-nin xanımı Sandra Rulofs-u təhqir etmişdi.

Keçmiş prezidentə büdcə vəsaitinin talanması, 2007-ci ilin noyabrında etirazların dağılmasıyla bağlı ittihamlar da var. O zaman silahlı nümayişçilərə qarşı rezin güllələrdən istifadə olunub, baxmayaraq ki, qanunvericilik onlardan birbaşa istifadəni yasaqlayır.

Hazırda Saaakshvili Ukraynada da məhkəmə qarşısına çıxarılır. O, keçmiş prezident Viktor Yanukovych-in rəhbərlik etdiyi bildirilən kriminal dəstəylə əməkdaşlıqda ittiham olunur. Odessa vilayətinin keçmiş qubernatoru olmuş Saakashvili ittihamları “siyasi motivli” adlandırıb.

*** Buna da bax: Saakashvili dindirilməkdən imtina edir

Saakashvili yanvarın 5-də deyib ki, ona qarşı hökm Gürcüstanda böyük siyasi opponentlərindən birinin, keçmiş baş nazir Bidzina Ivanishvili-nin təzyiqi nəticəsində çıxarılıb.

“QANUNSUZDUR”

Gazprom-un səhmdarı Ivanishvili-nin tam nəzarəti altında olan Gürcüstan məhkəməsinin mənə qarşı çıxardığı “hökm” tamamilə qanunsuzdur, bütün beynəlxalq və yeri qaydalara və sağlam məntiqə ziddir”, – Saakashvili Facebook səhifəsində yazıb.

Prezidentin heç bir yolla məhdudlaşdırılmayan əfv hüququndan istifadəyə görə mühakimə olunması göstərir ki, bu cinayət işi siyasi motivlidir. Bu, həm də onu göstərir ki, Gürcüstan hökuməti son beş ildə mənə qarşı heç nə tapmayıb – nə korrupsiya, nə də qanunvericiliyin pozulması faktı”, - o əlavə edib.

Saakashvili Kiyevdə eyni vaxtda keçirilən məhkəməsində deyib ki, Ukrayna və Gürcüstanın oliqarx hakimiyyəti sinxron və bir-biriylə tam koordinasiya vəziyyətində hərəkət edir.

Onun sözlərinə görə, Ukrayna prezidenti Petro Poroshenko ötən yay onu Ukrayna vətəndaşlığından məhrum etməzdən bir neçə gün öncə Poroshenko ilə Ivanishvili arasında danışıqlar olub, onu necə “neytrallaşdırmağı” müzakirə ediblər.

“Mənbələrimə görə, bu məsələ 2017-ci il dekabrın 29-da Poroshenko ilə (Rusiya prezidenti Vladimir) Putin-in telefon söhbətində də müzakirə edilib”, – Saakashvili yazıb.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

Saakashvili 2016-cı ilin noyabrında Odessadakı vəzifəsindən istefa verib. O, korrupsiyadan şikayətlənib və o vaxtdan Poroshenko-nun opponentinə çevrilib.