Pambıq tədarükü yekunlaşır.

Foto arxiv

Azərbaycanda pambıq tədarükü yükunlaşmaqdadır. Yanbvarın 5-də cəmi 50 ton pambıq yığılıb.

Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

Komitənin məlumatına görə, bu il yanvarın 6-dək pambıq qəbulu məntəqələrinə ümumilikdə 207 min 5 ton məhsul təhvil verilib.

DSK bildirir ki, yanvarın 4-dək ümumilikdə pambıq qəbulu məntəqələrinə 206 min 903 ton məhsul çatdırılıb.

Təkcə dekabrın 30-da 226 ton, dekabrın 31-dən yanvarın 3-dək isə 181 ton pambıq yığıldığı bildirilirdi.

Bundan əvvəlki ildə pambıq tədarükü daha tez başa çatmışdı. Fermerlər pambıq yığımını 2016-cı ilin dekabrında başa vurmuşdular.

Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Verilən məlumata görə, hökumət bu mövsümazı 270 min ton pambıq toplanmasını hədəfləmişdi. Amma ekspertlər vurğulayırlar ki, il sona çatıb, qışın ilk ayı yarı olub, vəd edilən həcmdə pambıq tədarük edilməyib.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Ekspertlər deyirlər ki, bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib. Son bir ildə ət, süd məhsullarının idxalının artdığı bildirilir.

Bundan başqa, büdcə təşkilatlarında çalışan insanların məcburi pambıq yığımına aparılması ilə bağlı iddialar var. Yerli icra hakimiyyətləri büdcə təşkilatlarında çalışanların məcburi pambığa aparılması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, bu məsələdə könüllülük var və hamının haqqı ödənilir.