Prezident Ələtdə

İlham Əliyev Ro-Ro terminalının açılışında

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib. O bildirib ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olacaq. Yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir.

«Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür», - nazir vurğulayıb.

Xatırlatma

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində aparılır. Layihənin həyata keçirilməsinə prezident İ.Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla başlanıb.

2010-cu ildə İ.Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Prezident İ.Əliyevə verilən məlumata görə, yeni Ro-Ro terminalı ildə 60 minə yaxın TIR və ya 1.8 milyon ton yük qəbul etmək imkanındadır.

Layihənin maliyyə baxımından detalları, hələ ki, açıqlanmır.