Azərbaycan hasilatın azaldılması sazişinə əməl edir

Neft Daşları

Azərbaycan dekabr ayında gündəlik hasilatın azaldılması barədə neft ölkələrinin razılaşmasına əməl edib.

Bu haqda Energetika Nazirliyinin məlumatında yazılıb.

Məlumatda bildirilib ki, ötən ilin dekabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 810 min barrel olub. Bunun 755.1 min barrelini xam neft, 54.9 min barrelini isə kondensat təşkil edib.

Nazirliyin mətbuat xidməti bildirir ki, Azərbaycan dekabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib. Bu göstərici yanvarda 793.9 min, fevralda 776.4 min, martda 733.3 min, apreldə 781.1 min, mayda 785.3 min, iyunda 793.7 min, iyulda 796.7 min, avqustda 734.8 min, sentyabrda 785.7 min, oktyabrda 800.6 min, noyabrda isə 790.7 min barrel olub.

Xatırlatma

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.

Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Razılaşmaya Azərbaycan da qoşulub.

Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 70 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.