Oteldən 4,5 milyon avroluq zinət əşyası oğurlanıb

Arxiv fotosu

Yanvarın 10-da Parisdə məşhur Ritz otelindəki butikdən 4,5 milyon avroluq ləl-cəvahirat oğurlanıb. Polis silahlı oğruların vitrini sındırdığını bildirir.

Parisin mərkəzindəki Place Vendome ərazisində üç şübhəli dərhal saxlanıb, azı iki nəfərsə aradan çıxa bilib. Xəsarət alan olmayıb, amma oğurlanmış əşyalardan da qaytarılanı yoxdur.

Oğruların oteldəki Reza zinət dükanına yan küçədən girdiyi, vitrini sındıraraq bahalı əşyaları apardığı qeyd olunur.

İnsident zamanı mağazada iki nəfər varmış və polisə xəbər verib.

Son illər Parisdə bir neçə bahalı ləl-cavahirat mağazasında – Cartier, Harry Winston, Chopard-da oğurluq halları baş verib.

ABŞ televiziya ulduzu Kim Kardashian isə 2016-cı ilin oktyabrında Parisdəki mənzilində soyğunçuluqla üzləşib, 9 milyon avroluq zinət əşyası oğurlanıb.