Azərbaycanın növbəti «Azerspace-2» peykinin 2018-ci ilin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur.
Bu barədə yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev bildirib. Onun deməsinə görə, hazırda orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir.
««Azerspace-2» hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, «Azerspace-1»in orbitdəki ehtiyatı olacaq. Bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. «Azerspace-2» peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq «Intelsat» şirkətinə satılıb», - deyə o qeyd edib.
«Azərkosmos» ASC-nin sədrinin dediyinə görə, Azərbaycanın xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırılıb və «Azerspace-1» ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib:
««Azerspace-1» peyki ilə yanaşı, «Azersky» da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən «Azersky» peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. Həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il işğal altında olan Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib. Hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib».
R.Nəbiyev bildirib ki, dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan «Azerspace-1» peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə 100-ə yaxın televiziya, radio kanalı yayımlanır.
Bəzi ekspertlər isə Azərbaycanın orbitə peyk çıxarmasını effektiv hesab etmir. Onların fikrincə, bu istiqamətdə reallaşdırılan təşəbbüslər artıq xərcdir.
Xatırlatma
Azərbaycanın ikinci telekommunikasiya peyki «Azerspace-2»in tikintisi üzrə işlərə hələ 2016-cı ilin əvvəllərində başlanıb. Onun 2017-də hazır olacağı gözlənirdi.
Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb. Həmin peyki «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti idarə edir.
«Azərspace-1» 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.