Kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb

«DəmirBank»

«DəmirBank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) yayılan məlumata görə, kompensasiyalar 26 ünvanda veriləcək.

Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun səhifəsində açıqlanan ünvanlarda təqdim edə biləcəklər. Bundan ötrü vətəndaşlar özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd, əmanət müqaviləsini götürməli və ərizə forması doldurmalıdırlar.

Maliyyə Bazalarına Nəzarət Palatası ötən il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

«DəmirBank» ASC-nin qorunan əmanətlərinin kompensasiyalarını «Kapitalbank» ASC ödəyəcək. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, agent-bank qismində «Kapitalbank» ASC seçilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət var.

İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir. Qorunmayan əmanətlər batır.

2016-cı ildə isə ölkədə 11 bank bağlanıb. O banklarda qorunan əmanətlər hələ 2017-ci ilin sonunda tam ödənilməmişdi. Ötən ilin sonuna olan məlumata görə, Fond 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya ödəyib. Bu, ləğv edilən 11 bank üzrə qorunan əmanətlərin 90 faizindən çoxdur.