Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını aldıqları bildirilir.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) bu gün, yanvarın 12-də məlumat yayıb.
DGK bildirir ki, Qazaxıstanın Aktau limanından Bakı şəhərinə "Merkuri-1" gəmisi ilə boş qayıdan Azərbaycan vətəndaşı Ramin Məmmədovun idarə etdiyi "Kamaz" markalı maşında qaçaqmalçılıq yolu ilə nərə balığı gətirilməsi barədə xəbər alıblar.
Buna da bax: Minik avtomobillərinə gömrük rüsumu artırılır
“Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq aşkar edilib”, – məlumatda vurğulanır.
Ancaq bu açıqlamaya, hələlik, Ramin Məmmədovun münasibətini almaq mümkün olmayıb. Onun bu açıqlama ilə razılaşıb-razılaşmadığı bildirilmir.