2 min hüquqşünas vəkil olmaq istəyir

Məhkəmə

Yanvar ayının 11-dək 2 min hüquqşünas vəkil olmaqdan ötrü müraciət edib.

Bu haqda Vəkillər Kollegiyasının ixtisas komissiyasının məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 2017-ci il dekabrın 9-da vəkilliyə qəbul prosesi bərpa olunub. Sənədlərin qəbulu dünən, yanvarın 11-i başa çatıb.

Məlumata görə, Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib. Qəbuldan ötrü sənəd verən namizədlərin sayının 2 minə yaxın olduğu bildirilir

Vəkilliyə namizədlərlə yazılı test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə, bu il yanvarın 28-də keçirilməlidir.

Xatırlatma

Parlament ötən il oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Bir çox ekspertlər, hüquqşünaslar bu dəyişiklikləri mürtəce hesab edirlər. Onların fikrincə, hüquqşünasların məhkəməyə çıxmaq imkanlarının əllərindən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.

Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayı sıralamasında Azərbaycanın adı son yerlərdə gəlir. Üstəlik, müxalif siyasətçiləri və tənqidçı jurnalistləri müdafiə edən vəkillərin kollegiyadan çıxarıldığı bildirilir

Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə vəkilliyə qəbulu bərpa etməklə yeni qanunvericiliyin hər hansı problem doğurmayacağını düşünür. Son illər Vəkillər Kollegiyasına qəbul dayandırılmışdı.