Məktəbdə bıçaqlanma hadisəsində 15 nəfər xəsarət alıb- YENİLƏNİB

Arxiv fotosu

Perm şəhərində orta məktəbdə bıçaq davasında müəllim və iki yeniyetmə ağır xəsarət alıb.

Regional Təhlükəsizlik Nazirliyi əsasən şagirdlər olmaqla, 15 nəfərin yaralandığını bildirir.

***

Rusiyanın Perm şəhərində orta məktəbdə bıçaq davası olub, bir müəllim və bir yeniyetmə ciddi xəsarət alıb.

Regional Səhiyyə Nazirliyi ümumilikdə doqquz nəfərin xəsarət aldığını bildirir.

İlkin məlumatlarda məktəbə iki silahlı kişinin hücum etdiyi bildirilirdi.

Amma İstintaq Komitəsinin regional filialı sonradan bunun iki şagird arasında bıçaq davası olduğunu, müəllimlərin və digər şagirdlərin onlara mane olmağa çalışdığını bildirib.

Müəllimənin və 6 yaşlı şagirdin durumunun ciddi olduğu xəbər verilir.

İstintaq Komitəsi öldürməyə cəhd ittihamıyla cinayət işi açıldığını bildirir, amma hələlik, saxlananlar barədə məlumat yoxdur.

***

Bu gün – yanvarın 15-də Rusiyanın Perm şəhərindəki 127 saylı məktəbə iki maskalı kişi hücum edib. AzadlıqRadisosu-nun rus xidməti səkkiz məktəblinin və müəllimənin bıçaq yarası aldığını xəbər verir. İki nəfərin ağır durumda olduğu bildirilir. Bu barədə RIA Novosti agentliyinə Perm vilayətinin Ərazi Təhlükəsizliyi Nazirliyinin mətbuat katibi Yelena Dubinina məlumat verib.

Daha öncə RBK məktəbin direktoruna istinadla yazıb ki, müəllim və bir neçə şagird girov götürülüb.

Şahidlər məktəbin mühasirəyə alındığını, hüquq-mühafizə əməkdaşlarının orada işlədiyini xəbər verir. Uşaqların yaxınlıqdakı ticarət mərkəzinə köçürüldüyü qeyd olunur.

Interfax agentliyi isə məktəbə hücum deyil, dalaşma baş verdiyini, nəticədə səkkiz nəfərədək adamın bıçaqlandığını xəbərləyib. Bu informasiyanı rəsmi təsdiqlətmək, hələlik, mümkün olmayıb.

Şəhərin meri Dmitry Samoylov və digər administrasiya təmsilçiləri təcili məktəbə yollanıblar.