İsa Qəmbərin ürəyinə stent qoyulub

İsa Qəmbər

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətinin qaydasına düşdüyü bildirilir

Bu haqda İ.Qəmbərin həyat yoldaşı Aida Qəmbər məlumat verib. Onun bildirdiyinə görə, yanvarın 13-də səhhətində problem yaranan İ.Qəmbər elə həmin gün Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Müayinələrdən sonra İ.Qəmbərin ürəyinə stent qoyulduğunu bildirən həyat yoldaşı onun özünü normal hiss etdiyini söyləyib.

«Onun müalicəsi davam edir, evə nə vaxt buraxılacağı bu gün bəlli olacaq», - A.Qəmbər bildirib.

Xatırlatma

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. O, 1990-1995-ci illərdə deputat, 1992-1993-cü illərdə isə Milli Məclisin sədri olub.

İ.Qəmbər 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi hakimiyyət devriləndən sonra İ.Qəmbər həbsdə də olub.

O, 1992-2014-cü illərdə Müsavat Partiyasına rəhbərlik edib.