Cinayətkarlıq azalıb, cərimələr artıb

Ramil Usubov

«Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb».

Daxili işlər naziri Ramil Usubov belə deyib.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, R.Usubov 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantında çıxış edib.

Nazir bildirib ki, ötən il əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Azərbaycan Dünya İqtisadi Forumunun «Polis xidmətlərinin etibarlılığı» indikatoru üzrə 21 pillə irəliləyərək, 137 ölkə arasında 54-cü yerdə qərarlaşıb.

Nazirin sözlərinə görə, 2017-ci ildə 26 min 113 cinayət qeydə alınıb. Onların 93.1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86.3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13.7 faizini ağır, xüsusilə ağır növlər təşkil edib.

Cinayətlərin ümumi sayının 2016-cı illə müqayisədə 2.7 faiz azaldığı bildirilir.

Cinayətlərin açılma faizi yüksəlib

Nazirin deməsinə görə, ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9.5, quldurluq 23.6, soyğunçuluq 16.6, dələduzluq 11.8, hədə-qorxu ilə tələb etmə 10.5, xuliqanlıq 15.1 faiz azalıb.

Cinayətlərin açılma faizinin də yaxşılaşdığı bildirilir. Nazir deyib ki, ağır və xüsusilə ağır cinayətlərin açılması 2.8, quldurluğun 8.6, soyğunçuluğun 5.5, oğurluqların 6.4, dələduzluqların isə 2 faiz yaxşılaşıb.

Nazir «Təhlükəsiz şəhər» sisteminin texniki imkanları ilə 624 cinayətin açıldığını, piyadaların vurulması faktları da daxil olmaqla, 18 min 132 yol-nəqliyyat hadisəsinin aşkarlandığını, axtarışda olan 84 avtomobilin saxlanıldığını bildirib.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

İnsan alveri cinayətlərinə gəlincə, nazir deyib ki, 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib. 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib.

Nazir yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma olduğunu deyib. Ancaq nazir onu da qeyd edib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 17 faiz artıb, 3 milyon 365 min 417 inzibati xəta təşkil edib.

«Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17 faiz çox və ya 3 milyon 481 min 458 protokol tərtib edilib», - nazir məruzəsində qeyd edib.

Xatırlatma

Bəzi ekspertlər Azərbaycanda baş verən cinayətlərin açılma faizinin yüksək olmasını heç də hüquq-mühafizə orqanlarının peşəkarlığı ilə izah etmirlər. Onlar deyirlər ki, Azərbaycanda bəzi cinayətlər qeydiyyatdan kənarda qalır.