Krımlı fəal deyir, Rusiyanı “heç vaxt sevməyəcək”

Volodymyr Balukh

Ukraynanın Rusiyanın nəzarətində olan Krım regionunda prokuror krımlı fəal Volodymyr Balukh-a beş il bir ay həbs cəzası istəyib. O, silah və partlayıcı saxlamaqda ittiham olunur.

Yanvarın 15-də məhkəmədə son sözünü deyən Balukh bir daha günahsız olduğunu dilə gətirib, Rusiyaya müraciətlə bu hökmün onu “qondarma yeni vətənini sevməyə heç vaxt məcbur edə bilməyəcəyini” deyib.

*** Buna da bax: GRU “trol fabriki”ni necə yaradıb

Fəal özünə qarşı ittihamları siyasi motivli adlandırıb. Rəsmi Kiyev və insan haqları qrupları Rusiyanın Krımı tutmasıyla barışmayan yerli əhaliyə qarşı ayrıca kampaniya aparıldığını bildirir.

Bu gün azad olmaq hüququ uğrunda vuruşanların analarının göz yaşları Krım əhalisini təqib edənləri kabus kimi izləyəcək. Amma heç nəyə baxmayaraq, qələbə bizim olacaq. Ukraynaya eşq olsun!” Balukh deyib.

Hökm yanvarın 16-da elan olunacaq.

HƏYƏTİNDƏN UKRAYNA BAYRAĞI ASIBMIŞ

Avqustda Rozdolne rayon məhkəməsi Balukh-u 3 il yeddi aylıq cəzaya məhkum edib. Amma apellyasiya məhkəməsi hökmü ləğv edib və işi əlavə araşdırmaya göndərib, Balukh ev dustağına çevrilib.

Balukh Krımda Rusiya tərəfindən mühakimə olunmuş onlarla krımlıdan biridir. İnsan haqları qrupları Moskvanın bu yolla narazıları susdurmağa çalışdığını deyirlər.

*** Buna da bax: Tatar fəal azadlığa buraxılıb

O, ötən ilin dekabrında saxlanıb, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onun evinin çardağından partlayıcılar və 90 güllənin tapıldığını bildirib.

Bu axtarış Balukh həyətindən Ukrayna bayrağını asandan az sonra aparılıb.

2014-cü ilin fevralında Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukovych kütləvi etirazlar nəticəsində devriləndən sonra Rusiya Krımı tutub, referendum keçirib, amma Ukrayna və daha 100 ölkə bu referendum qanunsuz sayıb.

Bundan sonra Rusiyanın Qərblə münasibətləri pisləşib, Avropa Birliyi, ABŞ və digər ölkələr Moskvaya sanksiyalar qoyub.

Rusiyanın Krımı ilhaqına qarşı çıxan krımlılar ayrıseçkiliklə üzləşdiklərini deyirlər.

Ötən ilin martında Avropa Parlamenti Moskvanı 30-dan çox Ukrayna vətəndaşını azad etməyə çağırıb. Həmin şəxslər ya həbsxanadadır, ya da Rusiyada, Krımda, Ukraynanın rusiyapərəst separatçıların nəzarətində olan şərqində hərəkət azadlığı məhdudlaşdırılıb.